
Real Madrid baş məşqçi Xabi Alonsonun istefasından sonra Vinícius Júniorla müqavilənin uzadılması ilə bağlı danışıqları yenidən başlamağa hazırlaşır. Klub daxilində hesab olunur ki, braziliyalı ulduzla münasibətlərdə yaranmış gərginliyin əsas səbəblərindən biri məhz Alonso amili idi.
Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və Madrid təmsilçisi onun müqavilənin son mərhələsinə daxil olmasını istəmir. Xüsusilə də futbolçunun Səudiyyə Ərəbistanı Pro Liqasından aldığı yüksək məbləğli təkliflər fonunda. Məlumatlara görə, Yaxın Şərqdən gələn bəzi təkliflərin ümumi dəyəri 1 milyard avroya qədər çatır.
ESPN-in yazdığına görə, Alonso komandada qalsaydı, müqavilənin yenilənməsi real görünmürdü. Lakin onun İspaniya Super Kubokunda “Barselona”ya məğlubiyyətdən sonra vəzifədən uzaqlaşdırılması vəziyyəti dəyişib. Müvəqqəti baş məşqçi Álvaro Arbeloa Vinisiusa açıq dəstək göstərib və tərəflər arasında münasibətlərin normallaşdığı bildirilir.
Bununla belə, danışıqlarda əsas problem maliyyə olaraq qalır. “Real Madrid”in Vinisiusa illik təxminən 20 milyon avro təklif etdiyi, futbolçunun isə əlavə bonuslar da daxil olmaqla daha yüksək məbləğ tələb etdiyi qeyd olunur. Klub isə Kilian Mbappeyə oxşar, bonuslara əsaslanan model üzərində razılaşmanın mümkün olduğuna inanır.
