
Kataloniya klubu Reşfordun “Kamp Nou”da qalma müddətini uzatmaq niyyətindədir, ancaq davam edən maliyyə problemləri səbəbindən 26 milyon funt (təxminən 30 milyon avro) məbləğində alış opsiyasını reallaşdırmaq istəmir. Bu səbəbdən “Barselona” “Mançester Yunayted”lə əlaqə saxlayaraq ya qiymətin aşağı salınmasını, ya da 2026/27 mövsümünü əhatə edən məcburi satınalma şərti ilə ikinci icarə variantını müzakirə etməyə çalışır.
Yayda icarə əsasında komandaya qoşulan Reşford “Barselona”da uğurlu ilk mövsümünü keçirir. İngiltərəli hücumçu bütün turnirlərdə 27 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib. O, bazar günü “Barselona” forması ilə ilk kubokunu qazanaraq, İspaniya Super Kuboku finalında “Real Madrid” üzərində 3:2 hesablı qələbədə mühüm rol oynayıb.
Hazırda “Barsa” İspaniya çempionatının turnir cədvəlinə liderlik edir, Kral Kubokunda 1/8 final mərhələsinə yüksəlib və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağı hədəfləyir. Reşford isə icarə müddəti başa çatanadək komanda ilə yeni uğurlar qazanmağa köklənib.
