
Çelsinin yarımmüdafiəçisi Enzo Fernandez klubdakı gələcəyi ilə bağlı ciddi düşünməyə başlayıb. Buna səbəb baş məşqçi Enzo Mareskanın vəzifəsindən ayrılması olub. “Mavilər” Yeni il günü italiyalı mütəxəssislə yollarını ayırıb və hazırda komandaya Liam Rosenior rəhbərlik edir.
Fransa mətbuatının, xüsusilə L’Equipe nəşrinin yazdığına görə, dünya çempionu olan Fernandez “variantlarını dəyərləndirir” və Paris Saint-Germain onunla maraqlanan əsas klublardan biridir. PSJ-nin Fernandezi uzunmüddətli layihə kimi gördüyü, lakin hələlik rəsmi təklif etməyə tələsmədiyi bildirilir.
2023-cü ildə “Çelsi”yə 107 milyon funt sterlinq qarşılığında keçən 24 yaşlı futbolçu zamanla komandanın liderlərindən birinə çevrilib və tez-tez kapitan sarğısını daşıyıb. Bu mövsüm o, artıq 8 qol vuraraq karyerasında məhsuldarlıq baxımından ən yaxşı dövrlərindən birini yaşayır.
Məlumatlara görə, Fernandez Mareska ilə işləməkdən məmnun olub və onun gedişini “kədərli” adlandırıb. PSJ isə heyətdə rəqabəti artırmaq və yarımmüdafiəni gücləndirmək üçün argentinalını gələcək əsas hədəflərdən biri kimi nəzərdən keçirir.
