
Portuqaliyalı futbolçu bir daha “Blauqrana” formasını geyinəcək. “Barselona” ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu arasında əldə olunan razılaşmaya əsasən, Kanselo mövsümün sonuna qədər icarə əsasında Kataloniya təmsilçisində çıxış edəcək və ikinci nömrəli formanı daşıyacaq.
Müqavilənin rəsmi imzalanma mərasimi çərşənbə axşamı klubun ofisində keçirilib. Tədbirdə klubun prezidenti Joan Laporta, birinci vitse-prezident Rafael Yuste, idarə heyətinin üzvü Joan Soler, futbol üzrə direktor Anderson Luis de Sousa (Deko) və futbolçunun ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Kanselo daha əvvəl 2023/24 mövsümündə də “Barselona”nın şərəfini qoruyub. O zaman “Mançester Siti”dən icarəyə götürülən müdafiəçi komandanın əsas fiqurlarından biri olub. Həmin mövsümdə ümumilikdə 42 oyunda meydana çıxan Kanselo 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
