
Barselonanın kapitanı Marc-André ter Stegen uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra klubdan ayrılmağa razılaşıb. Alman qapıçının mövsümün sonuna qədər Kataloniyanın digər təmsilçisi Gironaya icarə əsasında keçəcəyi bildirilir. Müntəzəm oyun praktikası qazanmaq istəyən 33 yaşlı futbolçu bu keçidi reallaşdırmaq üçün maaşının böyük bir hissəsindən könüllü şəkildə imtina edib.
İspaniyanın Cadena SER radiosunun məlumatına görə, “Barselona”, “Jirona” və ter Ştegen arasında prinsipial razılıq artıq əldə edilib. Müqavilə son mərhələdədir və yalnız texniki detalların rəsmiləşdirilməsi gözlənilir. Razılaşmaya əsasən, qapıçı iyun ayına qədər “Montilivi”də çıxış edəcək.
Əsas maneə maliyyə məsələsi idi. “Jirona” ter Ştegenin yüksək maaşını ödəyə bilmədiyi üçün proses uzanmışdı. Lakin vəziyyəti futbolçunun özü həll edib. Baş məşqçi Hansi Flickin planlarında əsas fiqur olmadığını anlayan ter Ştegen maaşının böyük hissəsindən imtina etməyə razılaşıb. Nəticədə “Jirona” qapıçının maaşının təxminən 1 milyon avroluq hissəsini ödəyəcək.
Ter Ştegenin bu addımı atmasının əsas səbəbi idman karyerası ilə bağlıdır. 2026-cı il Dünya Kuboku yaxınlaşdığı üçün ehtiyat oyunçular skamyasında qalmağın Almaniya millisindəki yerini riskə atdığını anlayır. Uzun illər əsas qapıçı olsa da, müntəzəm oyun təcrübəsi olmadan heyətdə qalmaq çətindir. Bu transfer onun üçün son böyük beynəlxalq turnirə hazırlaşmaq baxımından həlledici şans kimi qiymətləndirilir.
Ter Ştegenin gedişi “Barselona”da uzun və uğurlu bir mərhələnin sonu deməkdir. Kapitan sarğısını daşımasına baxmayaraq, bu mövsüm onun statusu xeyli aşağı düşüb. Yayda transfer olunan Joan Qarsiyanın yüksəlişi və Flikin kritik oyunlarda məhz ona üstünlük verməsi alman qapıçıya açıq mesaj olub: o, artıq əsas planların bir hissəsi deyil.
Zədədən sonra yalnız bir oyunda meydana çıxan ter Ştegen üçün ayrılıq həm klub, həm də futbolçu baxımından ən məntiqli variant kimi görünür. Girona isə bu razılaşma ilə qısa müddətə də olsa, dünya səviyyəli bir qapıçı qazanmış olacaq.
